Naxçıvan Dövlət Universitetində “Gələcək peşəm: prokuror” adlı tədbir keçirilib

Bu gün Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Prokurorluğu əməkdaşlarının iştirakı ilə “Gələcək peşəm: prokuror” adlı panel müzakirə keçirilib.

Panel müzakirənin moderatoru Naxçıvan Dövlət Universitetin Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov, qonaqları isə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları baş ədliyyə müşaviri Faiq Səfərov, baş ədliyyə müşaviri Anar Məmmədov və birinci dərəcəli hüquqşünas Jalə İbrahimova olub.

Panel müzakirədə çıxış edən prokurorluq əməkdaşları Prokurorluğun dövlət təsisatları sistemindəki yeri və rolu, Azərbaycan Prokurorluğunun yaranma tarixi və inkişaf mərhələləri, Prokurorluğa Ulu Öndər Heydər Əliyev qayğısı, Prokurorluğun müasirləşdirilməsi istiqamətində dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər, Prokurorluğun fəaliyyət istiqamətləri və fəaliyyətinin əsas prinsipləri, prokurorluğa işə qəbul qaydaları və praktikada yaranan məsələlərlə bağlı çıxışlar ediblər.

Daha sonra tədbir tələbələrin sualları ilə davam edib. Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının tələbələri prokurorluğun hüquq-mühafizə orqanları sistemində yeri, cinayət-prosessual qanunvericiliyin tətbiqinin aktual problemləri, prokurorluq orqanlarına qəbul olmaq üçün meyarlar barədə panel çıxışçılarına sualları ünvanlayıb, müzakirələr ediblər.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğu